Şəkilli yoxsa şəkilsiz? Müasir CV-lərdə fotoşəkil qaydaları


CV hazırlayarkən namizədlərin ən çox tərəddüd etdiyi məsələlərdən biri budur: "CV-mə şəkil əlavə etməliyəmmi?" Bu sualın tək bir doğru cavabı yoxdur, çünki, hər şey müraciət etdiyiniz ölkənin iş mədəniyyətindən və şirkətin daxili qaydalarından asılıdır.

Yanlış seçilmiş bir şəkil peşəkarlığınıza kölgə sala bilər, doğru şəkil isə ilk təəssüratı gücləndirə bilər. Gəlin bu qaydaları detallı şəkildə incələyək.

Coğrafiya hər şeyi dəyişir

CV-də fotoşəkil qaydası ölkələrə görə kəskin fərqlənir:

Şəkil olmamalıdır:

ABŞ, Kanada, Böyük Britaniya və Avstraliyada CV-yə şəkil əlavə etmək problemdir. Şirkətlər ayrı-seçkilik iddialarından qorunmaq üçün adətən şəkilli CV-ləri oxumadan rədd edirlər.

Şəkil tələb olunur / gözlənilir:

Türkiyə, Almaniya, Fransa, Yaxın Şərq və Asiya ölkələrində CV-də fotoşəkil geniş yayılmış və qəbul edilən standartdır.

Şəkil əlavə edəcəksinizsə bu qaydalara diqqət edin

Regionumuzdakı bir şirkətə müraciət edirsinizsə və şəkil əlavə etmək qərarına gəlmisinizsə, bunun "pasport formallığında" olub, eyni zamanda səmimi bir təsir bağışlamasına diqqət edin.

  • Fon: Təmiz, neytral rəngli (ağ, açıq boz və ya açıq mavi) fon seçin. Arxada mebel, təbiət mənzərəsi və ya digər insanların görünməsi qeyri-peşəkardır.

  • Geyim və işıq: Sektora uyğun geyim (bank üçün rəsmi kostyum, yaradıcı sahələr üçün smart-casual). Üzünüzə təbii günəş işığı və ya yumşaq otaq işığı düşməlidir. Kölgəli şəkillərdən qaçın.

  • Kadr və baxış: Şəkil çiyinlərdən yuxarı və başı tam əhatə edəcək şəkildə kəsilməlidir. Kameraya birbaşa, özgüvənli və yüngül (təbii) bir təbəssümlə baxın.

Olmaz: Selfilər, snapchat/instagram filtrləri, maşında çəkilmiş şəkillər, toy və məclislərdən kəsilib çıxarılmış "zoom" edilmiş fotolar qətiyyən olmamalıdır!

Nəticə: Əgər beynəlxalq, xüsusilə qərb şirkətlərinə müraciət edirsinizsə şəkilsiz dizaynları seçin. Yerli bazar üçün isə peşəkar bir portret əlavə edə bilərsiniz. Platformamız həm şəkilli həm də şəkilsiz onlarla peşəkar dizayn şablonları təqdim edir. Seçim sizindir.