Hər vakansiyaya eyni CV niyə səhvdir? (CV-ni necə uyğunlaşdırmalısan?)
İş axtarışını bəzən "lotereya" kimi görürük: "Nə qədər çox yerə CV göndərsəm, şansım bir o qədər çox olar." Beləliklə, eyni CV faylını gündə 50 fərqli ünvana göndəririk. Bəs nəticə? Bəzən həftələrlə heç bir geri dönüş olmur.
Bunun səbəbi HR mütəxəssislərinin "şablon" və ya "spam" CV-ləri ilk saniyədən hiss etməsidir. Hər bir iş elanı fərqli bir problemdən bəhs edir və şirkət o problemi həll edəcək xüsusi birini axtarır. Bəs CV-ni hər vakansiyaya necə xüsusi uyğunlaşdırmaq (Tailoring) olar?
"Kopyala-yapışdır" əvəzinə, "Düşün və uyğunlaşdır"
1. İş elanını detektiv kimi oxuyun
Açıq vakansiyanın mətnini diqqətlə oxuyun. Orada ən çox hansı sözlər təkrarlanır? Şirkətin ən vacib tələbi nədir? Əgər elanda "Analitik düşüncə, Python bilikləri və komanda işi" vurğulanıbsa sizin CV-nizdə də məhz bu sözlər (keywords) ön planda olmalıdır.
2. "Haqqımda" bölməsini bedaktə edin
CV-nin ən üst hissəsi hədəfə birbaşa vurmalıdır. Əgər bir banka müraciət edirsinizsə, summary bölməsində maliyyə dəqiqliyinizi vurğulayın. Eyni CV ilə bir texnologiya startapına müraciət edirsinizsə, summary hissəsini dəyişərək yenilikçiliyə və sürətə olan meyilinizi qabardın.
3. Təcrübələrin sırasını və vurğusunu dəyişin
Məsələn, siz həm "satış", həm də "tədbir təşkili" sahəsində təcrübəlisiniz.
Əgər müraciət etdiyiniz iş satış yönümlüdürsə, əvvəlki iş yerinizdəki satış rəqəmlərini və gəlir artımını qabardın (bullet point-lərin ən yuxarısına qoyun).
Yox əgər vakansiya PR və ya tədbir təşkili üzrədirsə eyni iş yerində təşkil etdiyiniz kampaniyaları, idarə etdiyiniz tədbirləri önə çıxarın.
4. Düzgün fayl adı
Eyni CV-ni fərqli vəzifələrə göndərərkən fayl adını dəyişdirməyi unutmayın. Ad_Soyad_Marketinq_CV.pdf adlı faylı "Mühasib" vakansiyasına göndərmək sizin diqqətsizliyinizin ən böyük sübutu olacaq.
Nəticə: Bəli, CV-ni hər dəfə uyğunlaşdırmaq (tailoring) əlavə vaxtınızı alacaq. Lakin xüsusi uyğunlaşdırılmış 5 müraciət şablon olaraq göndərilmiş 50 müraciətdən qat-qat daha effektivdir. Platformamızda hesab yaradaraq əsas CV-nizin dublikatlarını yarada və hər vakansiya üçün dəqiqələr içində kiçik dəyişikliklər edə bilərsiniz!



